Fidan Humbatli
Bağlayıcı, 2024
Keramik heykəlciklər; Silsilə
Təqdim edilmiş konseptdə müşahidə insanlar arasındakı kommunikasiya və əlaqə məsələlərinə fokuslanır, həll yollarını axtarır. İstifadə olunan vizual dil insanlığın inkişafı üçün sinerjinin əhəmiyyətini təsvir etməyi hədəfləyir. Arxeoloqlar dünyanın müxtəlif yerlərində paleolit zamanına məxsus keramik qadın heykəlcikləri aşkar ediblər. Onları Paleolit Veneralar adlandırıblar. Alimlər o zamanların insanlarının bu Venera heykəlciklərini yaratma səbəblərini bu günə kimi araşdırırlar. Həmin dövrdə dünyanın fərqli yerlərində incəsənət formaları bir-birinə çox oxşardır.
Bu, fərqli məkanlarda yaşayan insanların təsviri düşüncəsinin sanki bir-birilə əlaqədə olduğunu nümayiş etdirir. Görünür, o dövrün insanları dövrümüzün insanları ilə müqayisədə bütün müasir texnologiyalara baxmayaraq, bir-biriləri ilə daha çox əlaqəli idilər. Bu keramik Paleolit Veneralar, minlərlə il öncə yaradılmış orijinalları kimi, dünyadakı bütün insanların bərabər olduğunu və aramızda hər zaman möhtəşəm bir əlaqənin olduğunu vurğulayır. Veneralar bizi aramızdakı unudulmuş əlaqəni yada salmağa dəvət edir. Bu mədəni, sosial, zehni və emosional əlaqə bəşəriyyətin tarixində böyük rol oynamış, oynayan və oynayacaq qadını təsvir edərək ifadə edilib.