Fidan Əbilova
Nəsillərin yükü, Nəsil mirası
İnsan doğularkən çevrəsinə uyğun şəkildə böyüyür və o düşüncə tərzini mənimsəyir. Bu, mənliyimizə o qədər işləyir ki, çox vaxt doğulandan bəri öyrəndiyimiz və öyrəşdiyimiz fikirlər həqiqətən doğrudurmu deyə özümüzə sual verməyə ehtiyac hiss etmirik. Düşünüb əks nəticəyə gəlsək belə, bu köhnə fikirlərin şüurumuza olan təsirindən qurtulmaq o qədər də asan olmur. Beləliklə, qorxmadan, öz fikirlərinə inanaraq keçmişin yanlış qəliblərinə yox deyənə qədər insanın həyatında ikiləşmə baş verir, özünü məcbur etdiyi hər şey ona yük olur.
Təəssüf ki, cəmiyyətdə bu hallarla daha çox qadınlar rastlaşır. Qadınlar uşaqlıqdan
müəyyən qəliblərlə, yüklərlə böyüdülür və çox vaxt istəməsələr belə, onlar üçün əvvəldən planlaşdırılmış axına qapılıb gedirlər. Nəsillər boyu bu belədir. Özümüzdən əvvəlkilərin yüklərini daşıyırıq və gələcəyə ötürürük.