Umay Abdullayeva

Daxilimdə daşıdığım ev, 2026

Keramika, taxta

56 x 96 sm

Daxilimdə daşıdığım ev – rəssamın uşaqlığının keçdiyi və nənəsinin yaşadığı evin qapılarından ilhamlanaraq hazırlanmış keramik divar pannosudur. Bu ev təkcə onun uşaqlığının deyil, bir neçə nəslin həyatının şahidi olub – burada onun nənəsinin valideynləri yaşayıb, ailə xatirələri illərlə bu divarların arasında formalaşıb. Bu məkan Umay üçün ilk təhlükəsizlik hissinin, sevginin və bağlılığın yarandığı yer olub.

İdeya rəssama bu küçələrlə vidalaşmağa gedəndə yarandı. Sanki təkcə evlərlə deyil, uşaqlığı, nənəsi və artıq mövcud olmayan bir dövrlə sağollaşırdı. Böyüdüyü küçələr bu gün tədricən şəhərdən silinir, amma onların izi yaddaşda qalır – köhnə səthlərdə, çatlarda, teksturalarda və zamanın silə bilmədiyi sakit detallarda. Əsərdəki hər qapı ayrıca bir insan hekayəsinin izidir. Bəziləri bağlıdır – artıq geridə qalmış, amma unudulmayan anlar kimi. Bəziləri aralıdır –xatirələrin hələ də nəfəs aldığını xatırladan keçidlər kimi.

“Bu gün mən bu ev üçün darıxıram. Fiziki olaraq artıq mövcud olmayan, amma içimdə yaşayan bir yer üçün. Bəzən bu işə baxanda boşluq hiss edirəm, bəzən isə qəribə bir istilik – sanki o ev hələ də məni qoruyur. Bu qapıları yaradarkən mən keçmişi qaytarmaq istəmirəm. Mən sadəcə itirdiyim şeylə barışmağa və onu öz içimdə yaşatmağa çalışıram”.

Scroll to Top