Kafiyə Eyvazova (Mentor) & Ağanənə Rzayeva, Xədicə İsmayılova (Şagirdlər)
İçimizdəki Ev, 2026
Çətən xalça
125 × 200 sm
Çətən xalça ənənəvi xalçalardan fərqli olaraq düzbucaqlı deyil, qalxan formasındadır. Aşağıya doğru uzanan saplar bu formaya bütövlükdə ev silueti qazandırır. Bu forma evin qoruyucu funksiyasını ön plana çıxarır.
Xalçadakı naxışlar uşaqların “ev” mövzusu ilə bağlı hiss və düşüncələrinin simvolik ifadəsidir. Mentor olaraq onlardan sevgi və qayğını bir heyvan vasitəsilə ifadə etmələrini istədim. Xədicə üçün pişik naxışı sevgi və qayğını təmsil edir.
“Ev hissini bir əşya ilə təsəvvür etsən, bu hansı əşya olardı?” sualına cavab olaraq Ağanənə güldan təsvir etmişdir. Güldan onun üçün içində güllər olduğu və süfrə üzərində yerləşdiyi zaman bütün ailəni bir masa ətrafında toplaya bilən bir əşyadır. Bu səbəbdən güldan birlik anlayışını təmsil edir və xovsuz naxışa çevrilmişdir.
Alov naxışı Xədicə üçün insanın daxili dünyasını və duyğularını simvollaşdırır. Bu baxımdan ev yalnız fiziki bir məkan deyil, həm də insanın daxilində formalaşan bir hissdir. Alov işıq və istiliyi, bəzən isə duyğular kimi dəyişkən və hiss olunan bir halı ifadə edir.
Sevgi və qayğını Ağanənə quş obrazı ilə təsvir etmişdir. Bu quş qartalı xatırladır. Ağanənin idmanla məşğul olması onun gücünü, evində bəslədiyi quşa olan sevgisi isə bu təsviri formalaşdırmışdır.
Beləliklə, bu əsərdə yer alan hər bir naxış və hər bir iz Xədicə və Ağanənin daxili dünyalarında qurduqları ev anlayışını əks etdirir.