İki sandıq, iki həyat, 2026
Kətan, yağlı boya
Hər biri 100 x 130 sm
Rəssamın evindəki sandığı onun həyatının, xatirələrinin, arzularının kiçik dünyasıdır. İçində Aytən üçün dəyərli olan, özü kiçik, lakin böyük məna daşıyan anları və uşaqlıq xatirələrini yaşadan əşyaları saxlayır. Bu sandıq onun şəxsiyyətinin bir hissəsi, evinin simvoludur. O, sadəcə əşya deyil, həmçinin “ev”idir.
Aytən Abdullayevanın nənəsinin Qazaxdakı sandığı isə onun yaşadığı dövrün dərin yaddaşını özündə daşıyır. O, illərlə qorunmuş, cehizlik olaraq verilmiş, ailə tarixini, keçmişin xatirələrini, rəssamın nənəsinin gənclik arzularını, həyatın çətinliklərini və sevinc dolu xatirələr daşıyan əşyaları özündə saxlayır. Bu iki sandıq – nənənin və nəvənin sandıqları – zaman və məkan arasında bağ yaradır. Onlar fərqli dövrlərin, fərqli həyatların, amma eyni dərin duyğuların daşıyıcılarıdır. Hər iki sandıqda “ev” anlayışı gizlidir. Burada ev fiziki məkan deyil, qorunan xatirələrin və yaşanan duyğuların, keçmişlə gələcək arasında qurulan bağın ifadəsidir.