Müvəqqəti qovluq, 2026
Video
Müddəti: 16 dəq. 9 san.
Müvəqqəti qovluq qadın kimliyinin mədəni gözləntilər, miqrasiya, bürokratiya və rəqəmsal sistemlər tərəfindən necə formalaşdırıldığını və davamlı olaraq yenidən təyin olunduğunu araşdırır. Bu layihədə “ev” fiziki məkan kimi başa düşülmür, əksinə, qaydalar, sənədlər və texnoloji strukturlar tərəfindən yaradılan bir anlayış kimi təqdim olunur. Burada qadın sabit mövqe kimi deyil, köçürülə, yenilənə, dayandırıla və ya silinə bilən bir fayl kimi müvəqqəti qeyd görünür. Videoda sistemlərin insanların hansı şərtlər altında mənsubiyyətini müəyyən etdiyini göstərmək üçün fraqmentləşdirilmiş portret, memarlıq kölgələri və məlumatlara bənzər elementlərdən istifadə olunur. Bu sistemlər ailə rolları, miqrasiya statusları, bürokratik prosedurları və rəqəmsal yaddaşın məntiqini əhatə edir. Beləcə, kimlik təsdiqlənməli, işlənməli və idarə olunmalı bir anlayış kimi qəbul edir. Bu quruluş daxilində ev sabit məkan deyil, müvəqqəti vəziyyətə çevrilir. Qadın kimliyi kateqoriyalar arasında hərəkət edir, heç vaxt tam oturmur. O, həmişə yarımçıq və keçid mərhələsindədir. Həmçinin tanınmaqla silinmək arasında gözləmə vəziyyətində mövcuddur. Layihə göstərir ki, bu gün bir çox qadın üçün “ev” qeyri-sabit və şərti bir məkan kimi təcrübə edilir.
Mənə dedilər ki, ruhum əbədidir. Çəkisiz. Sərhədsiz.
Coğrafiyanın hökm edə bilmədiyi kiçik bir qığılcım kimi.
Lakin unutdular ki, hətta əbədiyyətin belə poçt ünvanına ehtiyacı var.
Mənim ruhum bir köçəri quşdur. Amma azad uçan ruhlardan deyil.
O yalnız möhür vurulduqda uçur. Və yalnız icazə verildikdə enir.
Bədənim tez alışdı. Bu bədən bütün dillərdə danışdı.
Saitləri bükdü, samitləri yumşaltdı, avazını sındırdı.
Bu bədən müxtəlif dillərdə “təşəkkür edirəm” deməyi öyrəndi.
Anlamadığı halda belə “anlayıram” deyir. Amma həqiqətdə heç nəyi anlamır.
Sadəcə qaydaları əzbərləyir. Burada növbəyə dur. Burada gözlə. Həmişə burada gözlə.
Mən hər yerə aidəm, amma eyni zamanda heç yerə məxsus deyiləm.
Verilənlər bazaları məni insanlardan daha uzun xatırlayır.
Mən serverlərdə mövcudam – qaranlıqda vıyıldayan sərin otaqlarda – orada mənim üzüm koordinatlara çevrilir, barmaq izlərim isə işıq naxışlarına.
Çap maşınları mənim üçün işləyir. Sıfırlar və birlər mənim üçün işləyir.
Onlar məni emal edir, sıxır, saxlayır.
Mən arxivləşdirilmişəm. Məni tapmaq mümkündür. Mən müvəqqətiyəm.
Ev artıq bir məkan deyil. O bir statusdur.
İki məktub arasında qalan kövrək bir vəziyyət.
Ev – “müraciət qəbul edildi” ilə “qərar gözlənilir” arasında olan boşluqdur.
Mən evimi özümlə daşıyıram, sanki buludda saxlanılan bir qaralama kimi.
Bəzən onu açıram. Bəzən isə sadəcə yüklənmir.
Mənə deyirdilər ki, ruhum əbədidir. Amma mən qırıq-qırıq yaşayıram.
Hər rol ayrı bir qovluqdur. Onların heç biri daimi deyil.
Gözlərimi yumanda işıqdan ibarət dəhlizlər görürəm – sonsuz, ağ, səssiz – sanki Kainatın içində gəzirəm, və o hələ də qərar verə bilmir məni saxlasın yoxsa silsin.
Mən hər yerdə görünürəm. Şüşə binalarda əks olunuram. Ekranlarda əks olunuram.
Amma yenə də şəffafam. Özümün qaralama versiyasıyam.
Avtomatik yadda saxlanılmış. Heç vaxt tamamlanmamış.
Mənə vəd etmişdilər ki, ruhum əbədidir.
Bəlkə də doğrudur.
Amma əbədiyyət müvəqqəti bir qovluğun içində yerləşirsə çox kiçikdir.
Sessiya aktivdir.
Şəxsiyyət emal olunur.
Zəhmət olmasa gözləyin.