Kafiye Eyvazova
İyerarxiya, 2024 – Kətan üzərində akril – 110×120 sm
“İndiyədək məlum olan bütün insan cəmiyyətlərinin, demək olar ki, hamısında böyük əhəmiyyət daşıyan iyerarxiya – cinsiyyət iyerarxiyasıdır” – Yuval Noah Harari
Piramida formalı əsərin böyük hissəsini patriarxal iyerarxiya sistemi təşkil edir. Piramidanın 3 küncündə yerləşən və 3 kişi motivi ilə kiçik piramida yaradan bu antropomorf naxışlar patriarxatı özündə əks etdirir. Patriarxat piramidasının tam mərkəzində kiçik üçbucaq formalı pəncərənin arxasında qadın motivi yerləşir və onun çevrəsindəki əlini belinin arxasında tutmuş 3 kişi motivi ilk baxışdan sanki qadınını qoruyurmuş kimi görünür. Lakin əlini belinin arxasında tutan bu duruş əslində bədən dilində üstünlük göstərişidir. Vəzifəli insanlar və ya sadəcə bir yerdə özünü digər insanlardan üstün hesab edən insanlar bu bədən dilini bilməsələr belə, bu duruşu alırlar.
Bu motivlərin üz cizgilərini yaradan “S” formalı naxışlar Qarabağ xalçalarında geniş istifadə edilən “əjdaha” ornamentidir və bu naxışın mənası güclülük və qoruyuculuqdur. Lakin kişi motivlərinin üz cizgilərinə diqqət edildikdə bu naxışların onların üzündə məmnuniyyətsizlik hissi yaratdığını asanlıqla seçmək olar.
Çünki kişilər qadınlardan yalnız fiziki cəhətdən güclü olsalar da, cəmiyyət tərəfdən bu mövzuda onlara çox məna yüklənilir və beləcə, bu patriarxat sisteminin içindəki kişilər belə o stereotiplərə uyğun yaşamağa çalışdıqları üçün məmnuniyyətsiz bir həyat sürürlər. Bu üç kişi motivinin arasında geniş bir üçbucaq boşluğu yaransa da, qadın motivi o boşluğun içində kişi motivlərindən geriyə doğru uzanan “divarla” əhatəli üçbucaq pəncərə çərçivəsinin içində yerləşir. Bu divarların üzərində yerləşən romb naxışları – göz simvolu kimi istifadə edilib. Bu da cəmiyyət qınağını, mentalitetin əsas baxışlarının qadın üzərində olduğunu göstərir. Bununla da qadının sahəsinin tamamilə pozulduğunu görürük və eləcə kişi motivlərinin üzərinə düşən sarı rəngli işıq qadın motivi yerləşən orta hissəyə düşmür ki, bu da qadınların kişilərdən çox geridə və ya əngəllərlə çevrəsinə divar hörülmüş itaətçi kimi görülməsini özündə ifadə edir.
Qadın motivinin üz cizgisinə diqqət edildikdə isə kişi motivlərindən fərqli olaraq heç bir cizginin olmadığını görürük. Çünki patriarxal bir cəmiyyətdə qadınların kişilərlə müqayisə edilərək daha aşağıda görülməsi azmış kimi, bu sistemin daha kəskin olduğu bölgələrdə qadınların öz həyatları ilə bağlı heç bir qərarı özlərinin verməsinə icazə verilməməsi və qadınların duyğularını bildirməsinin belə doğru qarşılanmaması bu motivlərin tam cizgisiz yaranmasına səbəbdir.
Patriarxat simvolu olan 3 piramidanın arasında, yəni ümumi çərçivənin tam mərkəzində iyerarxiyaya çevrilən “gözəllik idealizmi” yer alır. Gözəllik idealizmi tərs çevrili üçbucağın içində yalnız qadın motivləri ilə qurulub. Yuxarı hissədə bir-birinə bənzər iki qadın siması və onların arasında başı taclı kiçik bir qadın motivi var. Bu taclı qadın motivi gözəllik ikonudur və bu motiv gözəllik stereotiplərinə uyğun formada həndəsi naxışla qurulub. Gözəllik idealizmi coğrafiyadan və tarixdən asılı olaraq tez-tez dəyişən, lakin çox insanı öz stereotiplərinin “mükəmməlliyinə” inandıran illüziyadır. Bu illüziyanı ifadə etmək üçün tac və bədən hissəsində içəriyə doğru qıvrılmış spiral naxış var. Təəssüf ki, bütün dünyada qadınların əksəriyyəti bu illlüziyanın təsiri ilə özlər…