Daro Sulakauri
Dəyişən Sərhədlər, 2008-2024
Fotoşəkil, rəqəmsal çap; 20 x 30 sm (http://www.shifting-borders.com/)
Təsəvvür edin ki, bir səhər yuxudan oyanaraq yataq otağınızın indi başqa ölkənin
tərkibində olduğunu öyrənirsiniz. Sözün əsl mənasında. Qonaq otağınız və mətbəxiniz isə hələ də yuxuya getdiyiniz ölkədə yerləşir… Sərhəd bir gecədə şimalda yerləşən düşmən qonşunun işğalçı qüvvələri tərəfindən qeyri-rəsmi şəkildə “çəkilib”. Bu, vətənim Gürcüstanın bir hissəsi olan Cənubi Osetiya regionunda minlərlə insan üçün acı reallıq idi.
Rusiyanın Cənubi Osetiyadakı işğalçı qüvvələri qondarma inzibati “sərhədlərə”
düzəlişlər edərək, Gürcüstan ərazisinə gündəlik müdaxilələr edirlər. Heç kim həqiqətən sərhəd xəttinin harada olduğunu bilmir. Sərhəd o qədər dəyişkəndir ki, bir çox yerlərdə tamamilə işarəsiz olaraq qalır. Gəzintiyə çıxan zaman “sərhədin” Gürcüstan tərəfində yaşayan kəndlilər özləri də bilmədən Rusiyanın işğal etdiyi ərazilərə keçə bilirlər. Nəticədə, rus sərhədçiləri onları həbs edir. Rusiya tərəfindən dəstəklənən qüvvələr sərhədi tədricən Gürcüstan ərazisinə doğru genişləndirir və daha çox ərazi ilhaq edirlər. Buna cavab olaraq isə Gürcüstan ərazi bütövlüyünü qorumaq üçün gərgin mübarizəni davam etdirir. “Sürünən sərhədlər” fenomeni Rusiyanın xəbərdarlıq etmədən işğal etdiyi ərazilərə yaxın yaşayan hər kəsin həyatına təsir göstərə bilər. Bu, son illərdə kəskin hallarda Ukraynanın Donbass bölgəsində və təəssüf ki, mənim vətənim olan Gürcüstanda onilliklər ərzində gündəlik həyata öz təsirini göstərib. Bu, əsrlər boyu davam edən müharibədir. 90-cı illərdə Gürcüstanda böyüyən nəsil bu gün də davam edən münaqişədə ciddi sarsıntıların və bir çox mühüm dəyişikliklərin (ictimai dəyişikliklər üçün etirazlar və kütləvi nümayişlər, vətəndaş müharibəsi, inqilab və 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsinin) şahidi oldu. İşğal olunmuş ərazilərin sərhədləri işğalçı qüvvələr tərəfindən daim manipulyasiya edilir.
Hörmətli oxucu,
Bu məktubun məqsədi Rusiya işğalının əhəmiyyətini, onun ailələri necə parçaladığını və bizi sevdiyimiz insanlardan necə ayırdığını anlamağınızdır. Rus işğalı məni nənə və babamdan ayırıb. Babam rus işğalına qarşı döyüşərkən həlak olub. Amma xoşbəxtlikdən nənəm sağdır və mən inanıram ki, bir gün tikanlı məftillər söküləcək. Mənim yalnız bir nənəm sağdır və o, çox xəstədir. Ona görə də bəzən məktəb tətili vaxtı gizlicə Rusiyanın işğal etdiyi ərazilərə keçirəm. Rus mühafizəçiləri yaxınlıqdakı daxmada olmayanda mən nənəmə qayğı göstərmək üçün tikanlı məftillərdən tullanıram. Mən çox qorxuram, amma qorxuma baxmayaraq, yenə də nənəmi görməyə gedirəm. Bir gün həkimlər mənə zəng edərək nənəmin ağır xəstə olduğunu bildirdilər. Ona görə də qorxumu bir kənara qoyub evimdən, yaxınlıqdakı kənddən piyada yola düşdüm. Yol 8 kilometrdir və Xurvaleti kəndi yaxınlığındakı tikanlı məftillərin ətrafına çatmaq üçün 3-4 saat vaxt lazımdır. Yol təhlükəli olduğu üçün Gürcüstan sərhəd polisindən gizlənməli oldum. Məni görsələr, təhlükəli olduğu üçün irəli getməyə imkan verməzdilər.
Çox sakit gəzməli idim, bəzən qarğıdalı kollarının altında gizlənərək, sürünürdüm. Nəhayət, işğal olunmuş əraziyə çatdım. Hasarın alçaq olduğu bir yer var idi, ona görə də tikanlı məftillərin üzərinə yastı taxta lövhə yerləşdirdim. Mən onun üstünə çıxdım və Rusiyanın nəzarətində olan əraziyə tullandım.
Mən çox qorxurdum, amma sevgi qorxunu öldürür. Nənəmin çox yaxınlıqda yerləşən evinə tələsdim. İçəri girəndə nənəmin yerdə uzandığını gördüm. O, yıxılmışdı və kim bilir nə qədər müddət idi ki, ayağa qalxa və çarpayısında uzana bilməmişdi. Dərhal onu qaldırıb, çarpayıya uzatdım. Qış olduğu üçün o, donmuşdu. Əvvəlcə məni tanıya bilmədi, amma özünü daha təhlükəsiz hiss edəndə, sonunda mənim kim olduğumu anladı və sevindi. Biz bir-birimizi qucaqladıq. Özünə yemək hazırlamağa gücü çatmadığı üçün ac idi, ona görə də ona çay dəmləyib, yağ-çörək verdim. O, özünə gələndən sonra mənə hekayələr danışmağa başladı. Həftə ərzində onun dərmanlarını verdim və bir neçə gündən sonra özünü yaxşı hiss etməyə başladı. Bu, mənim “Rusiya”ya gizli səyahətlərimdən biri idi, amma əslində mən öz ölkəmə, öz torpağıma gizlicə girirdim.
İnanıram ki, tezliklə bu işğala son qoyulacaq. Ümid edirəm ki, Avropanın köməyi ilə biz torpaqlarımızı geri alacağıq. İnanmaq istəyirəm ki, bir gün Rusiyanın dəstəklədiyi döyüşçülərin bizi həbs edəcəyi qorxusu ilə tikanlı məftillərdən aşmadan yaxınlarımızı qucaqlaya biləcəyik.
Dato Vanişvili, 14 yaş.
Xurvaleti kəndi